Categories
Ərizələr

Mühafizə orderi nədir?

Mühafizə orderi əsasında məişət zorakılığı törətmiş şəxsin zərərçəkmiş şəxsə qarşı edə biləcəyi hərəkətlərə məhdudiyyətlər tətbiq edilə bilər. Bu məhdudiyyətləri özündə əks etdirən sənəd mühafizə orderidir. Qısamüddətli və uzunmüddətli mühafizə orderi fərqləndirilir. Qısamüddətli mühafizə orderi yerli icra hakimiyyəti tərəfindən verilir. Həmin mühafizə orderinin Müddəti 60 gündür. Uzunmüddətli mühafizə orderi məhkəmənin qərarı ilə verilir. Həmin mühafizə orderi 60 gündən 180 günədək verilir.

Erizem.az veb saytı vasitəsi ilə ərizələrinizi, habelə mühafizə orderi (qısamüddətli və uzunmüddətli mühafizə orderi) ərizənizi və iddia ərizənizi şəxsi kabinetə daxil olaraq heç bir hüquqi biliyə sahib olmadan, cəmi 10 manat ödəməkləsistem tərəfindən sizə verilən sualları cavablamaqla 3 dəqiqə ərzində özünüz hazırlaya bilərsiniz. Həmçinin şəxsi kabinetdə dəstək bölməsinə daxil olaraq istənilən vaxt ödənişsiz hüquqi məsləhət əldə edə bilərsiniz.

Uzun müddətli mühafizə orderi

Məişət zorakılığı  törətmiş şəxs verilmiş xəbərdarlığa və qısamüddətli mühafizə orderinin tələblərinə əməl etməzsə, zərər çəkmiş şəxsin, yerli icra hakimiyyəti  və ya prokuror uzunmüddətli mühafizə orderinin verilməsi üçün məhkəməyə müraciət etmək hüququ var.

Uzunmüddətli mühafizə orderi 60 gündən 180 gün müddətinədək verilir.

Tərəflərin şəxsi və ailə həyatı sirrinin yayılmasının qarşısını almaq, habelə yetkinlik yaşına çatmamış şəxslərin maraqlarının təmin edilməsi məqsədi ilə uzunmüddətli mühafizə orderinin verilməsi barədə işə qanunvericiliklə müəyyən edilmiş qaydada qapalı məhkəmə iclasında baxıla bilər.

Uzunmüddətli mühafizə orderinin verilməsi barədə ərizə zərər çəkmiş şəxsin yaşadığı yer üzrə məhkəməyə verilir.

Uzunmüddətli mühafizə orderinin verilməsi barədə məhkəmə qərarı dərhal icraya yönəldilir.

Uzunmüddətli mühafizə orderinin verilməsi barədə qərardan qanunvericiliklə müəyyən edilmiş qaydada şikayət verilə bilər.

Yuxarı instansiya məhkəməsinə şikayətin verilməsi mühafizə orderi üzrə qərarın icrasını dayandırmır.

Uzunmüddətli mühafizə orderinin surəti onun çıxarıldığı gün tərəflərə verilməlidir.

Mühafizə orderinin nümunəsi

Qısamüddətli mühafizə orderi 60 günədək verilir və qısamüddətli mühafizə orderində məişət zorakılığını törətmiş şəxsə aşağıdakılar qadağan edilir:

-zərər çəkmiş şəxsin olduğu yer ona məlum olmadıqda həmin şəxsin axtarılması;

-məişət zorakılığının təkrar törədilməsi;

-zərər çəkmiş şəxsə narahatlıq gətirən digər hərəkətlərin edilməsi.

Uzunmüddətli mühafizə orderi 60 gündən 180 günədək verilir və məişət zorakılığını törətmiş şəxsə aşağıdakıların bir və ya bir neçəsi göstərilir:

-zərər çəkmiş şəxsə tibbi və ya hüquqi yardımın göstərilməsi ilə bağlı xərclərin məişət zorakılığını törətmiş şəxs tərəfindən ödənilməsi şərtləri;

-uzunmüddətli mühafizə orderinin verilməsi barədə qətnamənin icra edilməməsinə görə məsuliyyətin izah edilməsi barədə məlumat.

-məişət zorakılığını törətmiş şəxsin yetkinlik yaşına çatmamış uşaqları ilə ünsiyyət qaydaları;

-yaşayış sahəsindən və ya birgə əmlakdan istifadə qaydalarının müəyyən edilməsi.

Mişət zorakılığı nədir?

“Məişət zorakılığı haqqında” Qanunun 1-ci maddəsinə əsasən məişət zorakılığı –  qohumluq münasibətlərindən, birgə və ya əvvəllər birgə yaşamaqlarından sui-istifadə etməklə, bir şəxsin digərinə qəsdən fiziki və ya mənəvi zərər vurmasıdır.

Məişət zorakılığı aşağıdakı şəxslər arasında ola bilər:

1.yaxın qohum olan ailə üzvləri (ər, arvad, valideynlər, uşaqlar, nənələr, babalar, nəvələr, doğma və ögey qardaşlar və bacılar, övladlığa götürmüş və övladlığa götürülmüş şəxslər), ərin və arvadın yaxın qohumları, habelə birgə yaşadığı hallarda digər qohumlar;

2. nikah pozulduqdan sonra birgə və ya ayrılıqda yaşayan keçmiş ər-arvada;

3. qəyyum və ya himayəçi təyin olunmuş fiziki şəxslərə, habelə üzərində qəyyumluq və ya himayəçilik təyin edilmiş şəxslərə;

4. qanuni nikahda olmadan birgə yaşayan kişi və qadına, habelə onlarla birgə yaşayan qohumlarına.

Məişət zorakılığı haqqında qanun

“Məişət zorakılığının qarşısının alınması haqqında” Qanun 22 iyun 2010-cu ildə qəbul edilmişdir. Həmin Qanun qohumluq münasibətlərindən, birgə və ya əvvəllər birgə yaşayışdan sui-istifadə etməklə törədilən zorakılığın, onun doğurduğu mənfi hüquqi, tibbi və sosial nəticələrin qarşısının alınması, zərər çəkmiş şəxslərin sosial müdafiəsi, hüquqi yardımla təmin edilməsi, habelə məişət zorakılığına səbəb olan halların aradan qaldırılması istiqamətində həyata keçirilən tədbirləri müəyyən edir və tənzimləyir.

Məişət zorakılığının növləri

“Məişət zorakılığının qarşısının alınması haqqında” Qanuna əsasən məişət zorakılığının aşağıdakı növləri fərqləndirilir:

  1. Fiziki zorakılıq;
  2. Psixi və ya mənəvi zorakılıq;
  3. İqtisadi və ya maddi xarakterli zorakılıq;
  4. Cinsi (seksual) zorakılıq.

Məişət zorakılığının qarşısının alınması haqqında

Məişət zorakılığının qarşısının alınması üçün aşağıdakı tədbirlər həyata keçirilir:

-hüquqi xarakterli tədbirlər – məişət zorakılığı hallarının araşdırılması, məişət zorakılığına yol vermiş şəxslərin qanunla müəyyən edilmiş qaydada məsuliyyətə cəlb edilməsi;

-sosial xarakterli tədbirlər – zərər çəkmiş şəxslərin sosial müdafiəsi üzrə, o cümlədən müvəqqəti sığınacaqla təmin edilməsi, onlara dövlət hesabına hüquqi və tibbi yardımın göstərilməsi, habelə digər sosial yönümlü tədbirlərin həyata keçirilməsi;

-qabaqlayıcı tədbirlər – əhali arasında məişət zorakılığının mənfi hüquqi, tibbi və sosial nəticələrinin izah edilməsi, məişət zorakılığının qarşısının alınmasına yönəlmiş digər maarifləndirmə tədbirlərinin təşkili.

Zərərçəkmiş şəxslər üçün dövlət yardım mərkəzləri Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən (Sosial Xidmətlər Agentliyi) təşkil olunur. Dövlət yardım mərkəzlərinin göstərdiyi xidmətlər isə ödənişsiz olur.

Məişət zorakılığı və onunla mübarizə

Zorakılığına məruz qalan şəxs bu barədə dərhal Daxili İşlər Nazirliyinin 102 qaynar xəttinə, habelə Prokurorluq orqanlarına müraciət edə bilər. Habelə, Ailə Qadın və Uşaq problemləri üzrə Dövlət Komitəsinin (+994 12) 498 00 92 qaynar xətti və 860 gender əsaslı zorakılıqla bağlı dəstək xətti ilə əlaqə saxlaya bilərlər. Bununla yanaşı məişət zorakılığı ilə üzləşən şəxslər Sosial Xidmətlər Agentliyinin 116-123 “Qayğı” Çağrı mərkəzinə zəng edərək də müraciət edə bilərlər.

Məişət zorakılığından zərər çəkmiş şəxslərin həm mülki işlər, həm də cinayət işləri üzrə pulsuz (dövlət hesabına) vəkillə təmin olunmaq hüququ vardır.

Məişət zorakılığı ilə bağlı tədbir

Məişət zorakılığı ilə bağlı müraciətlərə baxan orqanlara polis orqanları, prokurorluq orqanları, yerli icra hakimiyyəti orqanları və məhkəmələr aid edilir.

Bundan başqa Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Səhiyyə Nazirliyi, Elm və Təhsil Nazirliyi, Ədliyyə Nazirliyi, Ailə, Qadın və Uşaq problemləri üzrə Dövlət Komitəsi məişət zorakılığının qarşısının alınması üçün səlahiyyətləndirilmiş dövlət orqanlarıdır.

Azərbaycanda məişət zorakılığı

2024-cü il üzrə məişət zorakılığı ilə bağlı statistik məlumatları qeyd edirik:

2024-cü ildə qeydə alınmış məişət zorakılığına aid cinayətlər üzrə zərərçəkənlərin sayı

-1,471 nəfər olmuşdur (onlardan 1,228-i qadındır)

Mühafizə orderlərinin sayı – 108 ədəd

2024-cü ildə bu cinayətlər nəticəsində ölənlərin sayı 49 nəfər olmuşdur (onlardan 29-u qadın)

Müraciət edənlərin əksəriyyəti əri (230), yaxın qohumu (211) və keçmiş əri (113) tərəfindən zorakılığa məruz qalmışdır.

Ailə məişət zorakılığı

Ailə məişət zorakılığı, ailə daxilində və ya yaxın münasibətlərdə bir şəxsin digərinə qarşı güc tətbiq edərək onu nəzarətdə saxlamağa çalışmasıdır. Həmin zorakılıq 4 formada təzahür edə bilər – fiziki, psixoloji, iqtisadi və cinsi formalar, bu zorakılıq qorxu, təhqir və təzyiqlə özünü göstərir.

Məişət zorakılığına məruz qalanlar adətən utancdan və ya qınaq qorxusundan susurlar, lakin bu susqunluq həll yolu deyil, həmin şəxslər belə bir halla üzləşdikdə dərhal hüquq mühafizə orqanlarına və digər aidiyyəti qurumlara məlumat verib məlumatlandırmalıdırlar.

Məişət zorakılığı pdf

Məişət zorakılığına məruz qalan zərərçəkmiş şəxs qısa müddətli və uzunmüddətli mühafizə orderi ilə təmin edilərək, həmin zorakılıqdan qurtula bilər. Bu zorakılığın bütün formalarının qarşısının alınması üçün həm, hüquq-mühafizə orqanlarını, həm də səlahiyyətli dövlət qurumlarını məlumatlandırmağınız tövsiyə olunur.

Mühafizə orderi ilə təmin edilməniz üçün həm ərizə, həm də iddia ərizəsinin hazırlanması üçün Erizem.az veb saytına daxil ola bilərsiniz. Həmin sayt vasitəsi ilə ərizələrinizi şəxsi kabinetə daxil olaraq heç bir hüquqi biliyə sahib olmadan, cəmi 10 manat ödəməkləsistem tərəfindən sizə verilən sualları cavablamaqla 3 dəqiqə ərzində özünüz hazırlaya bilərsiniz. Həmçinin şəxsi kabinetdə dəstək bölməsinə daxil olaraq istənilən vaxt ödənişsiz hüquqi məsləhət əldə edə bilərsiniz.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir