Categories
Ərizələr

Əlilliklə bağlı şikayət qaydası

Əlilliyin qiymətləndirilməsi barədə qərarla razı deyilsinizsə və ya əlilliyin təyin edilməsindən imtina cavabı almısınızsa, “İnzibati icraat haqqında” Qanuna və İnzibati Prosessual Məcəlləsinə uyğun olaraq, inzibati qaydada və (və ya) məhkəməyə şikayət verə bilərsiniz.  

Erizem.az veb saytı vasitəsi ilə ərizələrinizi, habelə “Əlilliyin təyin edilməsi” tələbinə dair iddia ərizənizi şəxsi kabinetə daxil olaraq heç bir hüquqi biliyə sahib olmadan, cəmi 10 manat ödəməkləsistem tərəfindən sizə verilən sualları cavablamaqla 3 dəqiqə ərzində özünüz hazırlaya bilərsiniz. Həmçinin şəxsi kabinetdə dəstək bölməsinə daxil olaraq istənilən vaxt ödənişsiz hüquqi məsləhət əldə edə bilərsiniz.

Əlilliyin qiymətləndirilməsi (əlilliyin təyin edilməsindən imtina) barədə qərarlardan verilmiş şikayətlərə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən baxılır.

Bununla yanaşı, Agentliyə və ya Nazirliyə edilən müraciətləriniz nəticə verməsə, inzibati məhkəməyə müraciət etmək hüququnuz var. Belə ki, əgər əlilliyin təyin edilməsinə əsassız və qanunsuz olaraq imtina edilibsə, əlilliyin təyin edilməsi öhdəliyinin cavabdehin Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulması tələbinə dair iddia ərizəsi ilə inzibati məhkəməyə müraciət edə bilərsiniz.

İddiaçılar inzibati mübahisələr üzrə dövlət rüsumunu ödəməkdən azaddırlar.

Əlillik nədir?

“Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanunun 1.0.1-ci maddəsinə əsasən əlillik – müxtəlif maneələrlə qarşılaşdığı zaman şəxsin digər şəxslərlə bərabər səviyyədə cəmiyyət həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olmasıdır.

Əlilliyin qiymətləndirilməsi qaydası

Əlilliyi qiymətləndirilməsi Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin tabeliyində olan tibbi-sosial ekspert komissiyaları (TSEK) tərəfindən həyata keçirilir. Şəxsin əlilliyi ümumi və xüsusi səbəblərdən birinə əsasən müəyyən edilir. Ümumi səbəblər bunlardır. 1.ümumi xəstəlik; 2. istehsalat zədəsi; 3. peşə xəstəliyi; 4. Çernobıl AES-də qəzanın ləğvi ilə əlaqədar; 5. hərbi xidmət dövrü ilə əlaqədar; 6. hərbi əməliyyatlar keçirilən zonada olmaqla əlaqədar; 7. terror hadisəsi ilə əlaqədar. Xüsusi səbəblər bunlardır: 1. Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar; 2. 1990-cı ilin 20 Yanvar hadisələri ilə əlaqədar; 3. hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirməklə əlaqədar; 4. Çernobıl AES-də hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirməklə əlaqədar.

Orqanizmin funksiyalarının 30 faizədək pozulması hallarında əlillik müəyyən edilmir, 30 faizdən çox pozulması hallarında isə 31-60 faizədək, 61-80 faizədək və 81-100 faizədək qiymətləndirilməklə şəxsin əlilliyi müəyyən edilir.

Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (forma 88) əsasında aparılır.

Göndərişin (Forma-88) hazırlanması üçün vətəndaş ilk növbədə qeydiyyatda olduğu yaşayış yeri üzrə tibb müəssisəsinə (poliklinikaya) müraciət etməlidir. Daha sonra xəstəliklə bağlı məlumatlar  TSEK-ə göndərilir.

TSEK 10 iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunarsa, TSEK-in müraciəti əsasında bu müddət 15 iş gününədək uzadıla bilər.

Əlilliyin təyin olunub-olunmaması ilə bağlı məlumat vətəndaşın mobil telefonuna SMS vasitəsilə göndərilir. Göndərişdə şəxsin öz adına olan mobil nömrəsinin qeyd olunması zəruridir. Əgər siz qərardan narazı qalsanız, onlayn növbə alaraq TSEK-ə və ya yaşadığınız ərazi üzrə TSEK-ə müraciət edə bilərsiniz.

Əlilliyin müəyyən edilməsi meyarları

Əlilliyi olan şəxslərin hüquqları haqqında Qanunun 3.1-ci maddəsində qeyd olunur ki, şəxsin orqanizminin funksiyalarının pozulması faizi, səbəbi və müddəti (əlilliyi) Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi qismində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən olunur.

Əlillik dərəcəsinin müəyyən edilməsi

Əlilliyin müəyyən edilməsi üçün onun qiymətləndirilməsi aparılmalıdır. Əlilliyin qiymətləndirilməsi də Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin tibbi-sosial ekspert komissiyaları (TSEK) tərəfindən həyata keçirilir.

Əlilliyin qiymətləndirilməsi üçün əsas sənəd dövlət tibb müəssisəsinin göndərişidir (Forma 88) və qiymətləndirmə zamanı yalnız göndərişdə qeyd olunmuş məlumatlar əsas hesab edilir.

Orqanizmin funksiyalarının 30 faizədək pozulması hallarında əlillik müəyyən edilmir, lakin 30 faizdən çox pozulması hallarında isə 31-60 faizədək, 61-80 faizədək və 81-100 faizədək qiymətləndirilməklə əlillik müəyyən edilir.

Əlillik dərəcəsinin yoxlanılması

Sizə əlilliyin təyin edilib-edilmədiyini yoxlamaq məqsədilə Elektron Hökümət Portalı üzərindən (e-gov.az) Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyini seçməklə, daha sonra Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatın verilməsi bölməsinə daxil olmaqla şəxsiyyəti təsdiq edən sənəd üzrə və ya forma 88 üzrə axtarış edərək məlumat öyrənə bilərsiniz.

Əlillik dərəcələri

Hazırki qanunvericiləyə əsasən şəxsin əlilliyi dərəcələrlə (1-ci dərəcə, 2-ci dərəcə, 3-cü dərəcə) deyil, orqanizm funksiyalarının pozulmasının 31-60, 61-80, 81-100 faiz göstəriciləri ilə müəyyən olunur.

Müddətsiz əlillik

Şəxsin əlilliyi aşağıdakı hallarda müddətsiz müəyyən edilir:

Müddət göstərilməklə müəyyən olunmuş orqanizmin funksiyalarının pozulması 31-60 faiz aralığında ardıcıl olaraq 15 il əlillik davam edərsə, 61-80 faiz aralığında ardıcıl olaraq 10 il əlillik davam edərsə və 81-100 faiz aralığında ardıcıl olaraq 4 il müddətində əlillik davam edərsə, eləcə də fərqli faiz aralıqları üzrə 15 il əlillik müddəti olarsa, növbəti qiymətləndirmə zamanı əlillik müddətsiz müəyyən edilir.

Şəxsin əlilliyi Çernobıl qəzası nəticəsində əmələ gələrsə, müddətsiz təyin olunur.

Habelə, yaşa görə əmək pensiyası (güzəştli şərtlərlə yaşa görə əmək pensiyası istisna olmaqla) və ya sosial müavinət (köhnə adı ilə sosial pensiya) almaq hüququ verən yaş həddinə çatan şəxsin əlilliyi müddətsiz müəyyən olunur.

Əlillik altsistemi

“Əlilliyin qiymətləndirilməsi” Qaydalarına görə orqanizmin funksiyalarının pozulması faizinin, səbəbinin və müddətinin müəyyən edilməsi məqsədilə əlilliyin qiymətləndirilməsi TSEK tərəfindən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin Əlillik altsistemi (altsistem) vasitəsilə aparılır.

Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (forma 88) əsasında aparılır. Göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür.

Ömürlük əlillik

Ömürlük əlillik dedikdə müddətsiz təyin edilən əlillik başa düşülür. Orqanizmin funksiyalarının pozulması 31-60 faiz aralığında (3-cü dərəcə əlillik) ardıcıl olaraq 15 il davam edərsə, 61-80 faiz aralığında (2-ci dərəcə əlillik) ardıcıl olaraq 10 il davam edərsə və 81-100 faiz aralığında (1-ci dərəcə əlillik) ardıcıl olaraq 4 il müddətində  davam edərsə, növbəti qiymətləndirmə zamanı əlillik müddətsiz müəyyən edilir.

Yaşa görə pensiya və yaşa görə müavinət alan şəxsin əlilliyi ömürlük təyin edilir.

Əlillik dərəcələri pensiya

 “Əmək pensiyaları haqqında” Qanunun 6-1-ci maddəsinə görə əmək pensiyasının minimum məbləği 2025-ci il fevralın 1-dən 320 manat məbləğində müəyyən olunub. Əmək pensiyasının məbləği orqanizm funksiyalarının pozulmasının faiz göstəricilərinə və əmək stajına əsasən dəyişir.

Əliliyə görə pensiya məbləği

Orqanizm funksiyasının itirilməsinin 31-100 faiz aralığı ( 1-ci, 2-ci, 3-cü qrup əlillik) üzrə əmək pensiyasının minimum məbləği 320 manat müəyyən edilib. Əlilliyə görə pensiyanın maksimum məbləği stajdan asılı olaraq dəyişir.

1-ci qrup əlillik kimlərə verilir?

Hazırda qanunvericilikdə 1-ci qrup və ya dərəcə əlillik sözlərindən istifadə edilmir. Belə ki, 1-ci dərəcə (qrup) əlilliyi olan şəxs termini qanunvericilikdən çıxarılmış və artıq orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlillik kimi adlandırılır və bu faiz aralığında əlillik təyin edilir. Yəni orqanizm funskiyalarının pozulması faizi 81-100 faiz aralığında olan şəxslər 1-ci dərəcə əlilliyi olan şəxslərdir.

Gözdən əlillik dərəcəsi

Gözün və gözün əlavə aparatının xəstəlikləri “Əlilliyin müəyyən edilməsi meyarlarına” Əlavədə əks olunmuşdur. Belə ki:

-daha yaxşı görən gözün görmə itiliyi korreksiya ilə 0,2-0,11 – orqanizm funksiyasının pozulması faizi 35-60, daha yaxşı görən gözün görmə itiliyi korreksiya ilə 0,1-0,05 – orqanizm funksiyasının pozulması faizi 65-80 olduqda əlillik müddəti 2 il,

– daha yaxşı görən gözün görmə itiliyi korreksiya ilə 0,04-0 – orqanizm funksiyasının pozulması faizi 90 olduqda, görmə itiliyi bir gözdə korreksiya ilə 0-0,05, digər gözdə korreksiya ilə 0,3-dən yuxarı – orqanizm funksiyasının pozulması faizi 50, əlillik müddəti müddətsiz

– görmə itiliyi bir gözdə korreksiya ilə 0-0,05, digər gözdə korreksiya ilə 0,21-0,3 – orqanizm funksiyasının pozulması faizi 60 olduqda, görmə itiliyi bir gözdə korreksiya ilə 0-0,05, digər gözdə korreksiya ilə 0,11-0,2 – orqanizm funksiyasının pozulması faizi 70, əlillik müddəti müddətsiz müəyyən edilir.

– bir gözün olmaması və ya əməli korluğu (görmə itiliyi 0,04-0), digər gözdə korreksiya ilə 0,1-dən aşağı – orqanizm funksiyasının pozulması 65-80, əlillik müddəti müddətsiz müəyyən edilir.

Əlillik vəsiqəsi

Əlilliyi müəyyən edilmiş şəxslərə verilən rəsmi sənəd əlillik vəsiqəsidir. Əlillik vəsiqəsi əlilliyi olan şəxsin hüquqlarını rəsmiləşdirir və onlara bir sıra imtihayzlardan və güzəştlərdən istifadə etməyə imkan verir. Son vaxtlar kağız formasında əlillik vəsiqələri verilmir, əlilliklə bağlı bütün məlumatlar əlilliyi olan şəxslərin vahid reyestrinə daxil olunur.

3-cü qrup əlillərin pensiyası nə qədərdir 2026

Əlilliyə görə əmək pensiyasının məbləği fərdi hesabda toplanan pensiya kapitalına görə müəyyən edilir. Hal-hazırda minimum əmək pensiyasının məbləği 320 manat müəyyən edilib. Əgər orqanizm funksiyasının 31-60 faiz itirilməsinə görə əlilliyi olan şəxs əmək pensiyası hüququna malikdirsə və hesablanan pensiya 320 manatdan az olarsa, həmin şəxs avtomatik olaraq 320 manat əlilliyə görə əmək pensiyası alır.

Həmin şəxslər üçün əmək pensiyasının maksimal məbləği onların ümumi sığorta stajından asılı olaraq dəyişir. 3-cü qrup əlilliyi olan şəxslərin əmək pensiyası hüququ olmadıqda, onlara sosial müavinət təyin edilir.

2-ci qrup əlillərin pensiyası nə qədərdir 2026

Əlilliyə görə əmək pensiyasının məbləği fərdi hesabda toplanmış pensiya kapitalına görə müəyyən olunur. Hal-hazırda minimum əmək pensiyası məbləği 320 manat müəyyən edilib. Əgər orqanizm funksiyasının 61-80 faiz itirilməsinə görə əlilliyi olan şəxs əmək pensiyası hüququna malikdirsə və hesablanan pensiya 320 manatdan az olarsa, həmin şəxs avtomatik olaraq 320 manat əlilliyə görə əmək pensiyası almaq hüququna malik olur.

Həmin şəxslər üçün əmək pensiyasının maksimal məbləği onların ümumi sığorta stajından asılı olaraq dəyişir. 2-ci qrup əlilliyi olan şəxslərin əmək pensiyası hüququ olmadıqda, onlar sosial müavinət ala bilərlər.

1-ci qrup əlillərin pensiyası nə qədərdir 2026

Əmək pensiyaları haqqında Qanunun 6-1-ci maddəsinə əsasən əmək pensiyasının minimum məbləği 320 manatdır. Əgər şəxs əmək pensiyası hüququna malikdirsə, həmçinin ona orqanizm funksiyalarının pozulmasının faizi 81-100 müəyyən edilibsə, ona təyin edilən pensiyanın minimum məbləği 320 manat təşkil etməlidir. Həmin şəxslər üçün əmək pensiyasının maksimal məbləği onların ümumi sığorta stajından asılı olaraq dəyişir.

Şəxsin əmək pensiyası hüququ olmadıqda, orqanizm funksiyasının 81-100 faiz pozulmasına görə müavinət alırsa, həmin müavinətin məbləği 300 manat müəyyən edilib.

Ümumi səbəblərdən orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslərə 250 manat Prezident təqaüdü, gözdən əlilliyi (görmə əlilliyi) müəyyən edilmiş şəxslərə isə 350 manat Prezident təqaüdü təyin olunur.

Əlilliyə görə müavinət

“Sosial müavinətlər haqqında” Qanunun 1-ci maddəsinə görə sosial müavinətlər qanunvericilikdə müəyyən edilmiş qaydada ayrı-ayrı kateqoriya şəxslərə sosial yardım göstərilməsi məqsədilə aylıq və ya birdəfəlik ödənilən pul vəsaitidir. Əlilliyi olan şəxsin əmək pensiyası almaq hüququ olmadıqda, o, əlilliyə görə sosial müavinət almaq hüququna malikdir.

Müavinətlərin məbləği:

orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslərə – 300 manat;

orqanizmin funksiyalarının 61-80 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslərə – 250 manat;

orqanizmin funksiyalarının 31-60 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslərə – 180 manat müavinət təyin edilir.

Hansı xəstəliklərə əlillik düşür?

Əlilliyin müəyyən olunması meyarları”na əsasən aşağıdakı xəstəliklərə görə əlillik dərəcəsi təyin edilə bilər:

  1. Qan dövranı sisteminin xəstəlikləri
  2. Tənəffüs sistemi orqanlarının xəstəlikləri
  3. Həzm sistemi orqanlarının xəstəlikləri
  4. Qan, qanyaradıcı orqanların xəstəlikləri və immunomexanizmin prosesə cəlb olunması ilə gedən ayrı-ayrı pozuntular
  5. Sidik cinsiyyət sisteminin xəstəlikləri
  6. Psixi və davranış pozuntuları
  7. Yenitörəmələr.
  8. Gözün və gözün əlavə aparatının xəstəlikləri
  9. Qulağın və məməyəbənzər çıxıntının xəstəlikləri
  10. Sinir sistemi xəstəlikləri
  11. Endokrin sistemin xəstəlikləri, qidalanma və maddələr mübadiləsi pozuntuları
  12. Dəri və dərialtı toxumanın xəstəlikləri
  13. Görmənin və eşitmənin kombinə olunmuş pozuntuları, eləcə də artikulyasiyanın (nitqin) və səs əmələgəlmənin pozuntuları
  14. Sümük-əzələ sisteminin və birləşdirici toxumanın xəstəlikləri.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir