İcra məmurunun qərarından şikayət nümunə
Məhkəmə qətnaməsi qüvvəyə mindikdən sonra icra vərəqəsi (sənədi) tərtib edilir və qətnamə icraya yönəlir. İcra məmuru da icra sənədinin icra edilməsi üçün müvafiq tədbirləri görməlidir.
İcra sənədinin icra olunması ilə bağlı icra məmurunun hərəkətlərindən və ya hərəkətsizliyindən Ədliyyə Nazirliyi İcra Baş İdarəsinə, müvafiq icra və probasiya şöbəsinə, yaxud da icra məmurunun olduğu yer üzrə inzibati məhkəməyə şikayət verə bilərsiniz.
Erizem.az veb saytı vasitəsi ilə şəxsi kabinetə daxil olaraq alimentin təmini üçün ərizənizi heç bir hüquqi biliyə sahib olmadan, cəmi 10 manat ödəməklə, sistem tərəfindən sizə verilən sualları cavablamaqla 3 dəqiqə ərzində özünüz hazırlaya bilərsiniz. Həmçinin şəxsi kabinetdə dəstək bölməsinə daxil olaraq istənilən vaxt ödənişsiz hüquqi məsləhət əldə edə bilərsiniz.
İcra məmurunun hərəkətlərindən şikayət
Alimentin tutulması iləbağlı çıxarılan məhkəmə qətnaməsi dərhal icraya yönəlir. Belə ki, məhkəmə qətnaməsi əsasında icra sənədi (icra vərəqəsi) hazırlanır və müvafiq icra şöbəsinə göndərilir. Həmin iş üzrə icra məmuru təyin edilir və o da icra sənədinin icra edilməsi üçün müvafiq tədbirlər görür.
“İcra haqqında” Qanunun 8.2-ci maddəsində nəzərdə tutulur ki, icra məmuru icra sənədini aldığı vaxtdan 3 gün müddətində icraata başlamaq haqqında qərar qəbul edir.
Həmin Qanunun 12.1-ci maddəsinə əsasən icra məmuru icra sənədini aldığı gündən 2 ay müddətində bütün zəruri icra hərəkətlərini həyata keçirməlidir.
Əgər qarşı tərəf alimenti ödəmirsə, icra məmuru da alimentin ödənilməsinin təmini üçün heç bir tədbir görmürsə, icra məmurunun hərəkətlərindən şikayət vermək olar.
Bunun üçün Ədliyyə Nazirliyi İcra Baş İdarəsinə, müvafiq İcra və ya Probasiya şöbəsə, habelə məhkəməyə ərizə və ya şikayətlə müraciət etmək hüququnuz var.
Erizem.az veb saytı vasitəsi ilə şəxsi kabinet yaradaraq sistem üzərindən verilən sualları cavablamaqla ərizənizi özünüz hazır edə bilərsiniz.
İcra haqqında qanun 29 və 84 maddə
İcra haqqında Qanunun 29-cu maddəsində tərəflərin icraat materialları ilə tanış olmaq, onlardan çıxarışlar etmək, onların surətini çıxarmaq, əlavə materiallar təqdim etmək, vəsatət vermək, icra hərəkətlərinin həyata keçirilməsində iştirak etmək və bu zaman şifahi və yazılı izahatlar vermək, icraatın gedişində meydana çıxan bütün məsələlər üzrə öz dəlil və mülahizələrini bildirmək, icraatda iştirak edən digər şəxslərin vəsatətlərinə, dəlil və mülahizələrinə etiraz etmək, icra məmuruna etiraz etmək və onun hərəkətlərindən (hərəkətsizliyindən) şikayət vermək hüquqları öz əksini tapmışdır.
İcra haqqında Qanunun 84-cü maddəsində nəzərdə tutulur ki, icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə, o cümlədən qərarlarının icra olunmamasına görə, icra sənədinin itirilməsinə və ya onun vaxtında göndərilməməsinə görə, habelə borclunun iş yeri və ya yaşayış yeri, onun gəlirləri və əmlak vəziyyəti haqqında dəqiq olmayan məlumat təqdim edilməsinə görə icra məmuru təqsirkar şəxslərin inzibati məsuliyyətə cəlb olunması üçün qanunvericiliyə uyğun olaraq inzibati xəta haqqında protokol tərtib edir və onu işin digər materialları ilə birlikdə müvafiq məhkəməyə göndərir.
İcra məmurunun qanuni tələblərini qəsdən yerinə yetirməyən və ya onların yerinə yetirilməsinə mane olan və yaxud başqa şəkildə məhkəmə qərarlarının icrası haqqında qanunvericiliyi pozan təqsirkar şəxslər cinayət məsuliyyətinə cəlb oluna bilər. Bu barədə icra məmuru icra xidmətinin rəhbəri (baş icra məmuru) tərəfindən təsdiq olunan təqdimatı müvafiq cinayətlərə dair işlər üzrə ibtidai istintaq aparan orqana verir.
İcra haqqında qanunun 87 maddəsinin şərhi
İcra haqqında Qanunun 87.1-ci maddəsinə görə icra sənədinin icra olunması ilə bağlı icra məmurunun hərəkətlərindən və ya hərəkətsizliyindən tələbkar və ya borclu icra məmurunun olduğu yer üzrə inzibati məhkəməyə şikayət vermək hüququna malikdir.
Erizem.az veb saytı vasitəsi ilə alimentin təmini barədə ərizənizi şəxsi kabinetə daxil olaraq özünüz hazır edə bilərsiniz.
İcra məmuru kimdi?
İcra məmuru — məhkəmənin çıxardığı qərarların və digər icra sənədlərinin məcburi qaydada yerinə yetirilməsini təmin edən vəzifəli şəxsidir.
Azərbaycan Respublikasında məhkəmə və digər orqanların qərarlarının məcburi icrasını icra məmurları həyata keçirir. Bu şəxslər Ədliyyə Nazirliyi nəzdində fəaliyyət göstərən İcra və Probasiya Şöbəsində fəaliyyət göstərirlər.
İcra ödəniş
İcra sənədində göstərilən tələb icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, icra məmuru borcludan tutulmalı pul məbləğinin 10 faizi həcmində icra ödənişinin alınması barədə qərar qəbul edir. İcra ödənişi borcludan tam və ya hissə-hissə tələb oluna bilər.
İcra işi yoxlamaq
İcra işinin yoxlanılması üçün rahat üsullardan biri də mobil icra tətbiqindən istifadə etməkdir. Bu tətbiq fiziki və hüquqi şəxslərə – həm borclulara, həm də tələbkarlara icra işlərinə dair bütün zəruri məlumatlara real vaxt rejimində çıxış imkanı verir.
Həmin tətbiqi “App Store”, həm də “Google Play”dən yükləmək mümkündür.
Tətbiq vasitəsilə istifadəçilər şəxsi kabinetləri vasitəsilə icra işinin statusunu, tətbiq olunmuş məhdudiyyətləri və icra tədbirlərinin nəticələrini izləyə, eləcə də icra sənədlərini vahid mənbədən əldə etmək imkanına malik olurlar.
Aliment üçün müraciət
Aliment tələbinə dair məhkəməyə iddia ərizəsi ilə müraciət etməmişdən qabaq mediasiya təşkilatına ərizə ilə müraciət etmək lazımdır. Mediasiya prosesində aliment məbləği ilə bağlı razılıq olmadıqda, mediasiyadan mediasiya arayışı əldə edib iddia ərizəsi ilə məhkəmə müraciət etmək olar. Aliment tələbi üçün mediasiya xərci 60 manat təşkil edir. Məhkəmə üçün dövlət rüsumu yoxdur.
Erizem.az veb saytı vasitəsi ilə şəxsi kabinetə daxil olaraq mediasiya üçün ərizənizi ödənişsiz, məhkəmə üçün iddia ərizənizi heç bir hüquqi biliyə sahib olmadan, cəmi 10 manat ödəməklə, sistem tərəfindən sizə verilən sualları cavablamaqla 3 dəqiqə ərzində özünüz hazırlaya bilərsiniz. Həmçinin şəxsi kabinetdə dəstək bölməsinə daxil olaraq istənilən vaxt ödənişsiz hüquqi məsləhət əldə edə bilərsiniz.
Aliment borcu yoxlamaq
Aliment ödəməli olan şəxsin aliment borcunu yoxlamaq üçün müvafiq icra şöbəsinə ərizə ilə müraciət edə bilərsiniz. Həmin ərizə ilə icra şöbəsindən mövcud aliment borcu ilə bağlı arayış təqdim edilməsini tələb edə bilərsiniz.
Aliment borcunu silinməsi
Aliment borcunun silinməsi tərəflərin qarşılıqlı razılığı və ya məhkəmə qaydasında mümkündür. Belə ki, Ailə Məcəlləsinin 107.1-ci maddəsinə əsasən aliment onun ödənilməsi barədə saziş əsasında tutulduqda aliment üzrə borcları ödəməkdən azad edilmə və ya onun miqdarının azaldılması tərəflərin razılığı ilə həyata keçirilə bilər.
Qanunvericiliyə əsasən məhkəmə aliment ödəməli şəxsin iddiası üzrə aliment borcunun şəxsin xəstəliyi və digər üzürlü səbəblərə görə əmələ gəldiyini, ailə və maddi vəziyyətinin bu borcları ödəməyə imkan vermədiyini müəyyən edərsə, onu həmin borcları ödəməkdən tamamilə və ya qismən azad edə bilər.
Aliment borcunun silinməsi üçün ilk öncə mediasiya təşkilatına ərizə ilə müraciət olunmalıdır. Mediasiya prosesində aliment borcnunun silinməsi ilə bağlı əldə edilmədikdə aliment borcunun silinməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etək olar.
Erizem.az veb saytı vasitəsi ilə mediasiya təşkilatına və məhkəməyə ərizənizi şəxsi kabinetə daxil olaraq hazır edə bilərsiniz.
İcra haqqında qanun 84 maddə
İcra haqqında Qanunun 84-cü maddəsinə əsasən icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə, habelə məhkəmə və digər orqanların qərarlarının icrası ilə bağlı qanunvericiliyin tələblərinin pozulmasına görə inzibati və cinayət məsuliyyəti nəzərdə tutulur.
İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə fiziki şəxslər 500 manatdan 1000 manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, 1 ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər 1200 manatdan 2500 manatadək məbləğdə, hüquqi şəxslər 3000 manatdan 5000 manatadək məbləğdə cərimə edilir.
Cinayət Məcəlləsinin 306.1-ci maddəsinə əsasən qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini, hökmünü, qərardadını, qərarını və ya əmrini qərəzli olaraq icra etməmə və ya həmin məhkəmə aktlarının icrasına maneçilik törətmə 2000 manatdan 4000 manatadək miqdarda cərimə və ya 320 saatdan 480 saatadək ictimai işlər və ya 2 ilədək müddətə islah işləri və ya 3 ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya 3 ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır.
İcra haqqında qanun 79 maddə
İcra haqqında Qanunun 79-cu maddəsində icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərclər öz əksini tapır.
İcra hərəkətlərinin təşkilinə və keçirilməsinə sərf olunan vəsaitlər icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərclər sayılır. Həmin xərclərin icraatda iştirak edən tərəflərin və digər şəxslərin, bu mümkün olmadıqda ədliyyə orqanlarının xüsusi xəzinə hesabının vəsaitləri hesabına ödənilməsi nəzərdə tutulur.
Borclunun əmlakı üzərinə həbs qoyulması
Borclunun əmlakına yönəldilməsi bu əmlakın üzərinə həbs qoyulmasından, götürülməsindən və satılmasından ibarətdir.
Qanunvericiliyə əsasən icra sənədləri üzrə tələb ilk növbədə borclunun manatla və xarici valyuta ilə, o cümlədən banklarda və digər kredit təşkilatlarında, elektron pul təşkilatlarında olan pul vəsaitlərinə və başqa sərvətlərinə yönəldilir.
Borclunun əmlakı üzərinə həbs məhkəmənin qərardadı ilə qoyulur.
Təxirəsalınmaz hallarda borclu tərəfindən əmlakın məhv edilməsini, zədələnməsini, korlanmasını, gizlədilməsini və ya özgəninkiləşdirilməsini güman etməyə əsas verən dəqiq məlumat olduqda, icra məmuru məhkəmənin qərarı olmadan da əmlakın üzərinə həbs qoya bilər.
Avtomobilin üzərinə həbs qoyulması
İcraata başlamaq haqqında qərar borcluya təqdim olunduğu gündən ən geci 1 ay müddətində, təxirəsalınmaz hallarda isə qərarın təqdim olunması ilə eyni vaxtda borclunun əmlakı üzərinə həbs qoyulur.
Borclunun avtomobili üzərinə həbs qoyulması həmin əmlakın siyahıya alınmasından, həmin əmlak üzərində sərəncam vermək hüququnun qadağan olunmasından, zəruri hallarda isə əmlakdan istifadə hüququnun məhdudlaşdırılmasından, onun götürülməsindən və ya saxlanmaq üçün verilməsindən ibarətdir.
Avtomobilin üzərinə həbs məhkəmənin qərardadı ilə qoyulur.
Təxirəsalınmaz hallarda borclu tərəfindən avtomobilin məhv edilməsini, zədələnməsini, korlanmasını, gizlədilməsini və ya özgəninkiləşdirilməsini güman etməyə əsas verən dəqiq məlumat olduqda, icra məmuru məhkəmənin qərarı olmadan da əmlakın üzərinə həbs qoya bilər.
Əmlakın həbsdən azad edilməsi
Əmlakın həsbdən azad edilməsi üçün məhkəməyə ərizə yazılmalıdır.
Əmlakın (avtomobilin və s.) üzərinə həbs qoyulması üçün əsaslar aradan qalxdıqdan sonra məhkəməyə ərizə ilə müraciət edərək həmin əmlakın üzərindən həbsin götürülməsini tələb edə bilərsiniz.
Erizem.az veb saytı vasitəsi ilə şəxsi kabinetə daxil olaraq əmlakın həbsdən azad edilməsi barədə ərizənizi hazır edə bilərsiniz.
Üzərinə həbs qoyula bilməyən əmlakların siyahısı
İcra sənədi icra olunarkən tələbin yönəldilməsinə yol verilməyən əmlak növlərinin siyahısı müəyyən edilmişdir. Həmin əmlakların dəqiq siyahısı ilə Nazirlər Kabinetinin 2002-ci il, 5 iyun tarixli “Fiziki şəxs barəsində icra sənədi icra olunarkən tələbin yönəldilməsinə yol verilməyən əmlak növlərinin dəqiq Siyahısının təsdiq edilməsi barədə” Qərarında tanış ola bilərsiniz.